Archive for Fevral, 2012


səndən xəbər gətirdilər

bir də tənha bir insandan

ağlamısan söylədilər, dedim yalan

inanmadım, boz küçələr addımlarsızmı qalıbdır?

dözməmişdi onlar belə bu gecəyə

Bakını tərk edən quşlar

*

qanadı qırıq, baxışı qartal baxışından iti

sanki görmək istəyirdi təbiəti

sanki bezmişdi damlardan, heykəllərdən

zibil dolu sahillərdən

Bakını tərk edən quşlar

*

dönmək belə istəmirdi

nə keçmişə, nə insana

görmək istəmirdi heç bir insan üzü

təkcə xatırladı bizi

qanad çaldı, mavi səmayla qovuşdu

Bakını tərk edən quşlar

*

bu gün fərqli bir gün idi

Bakı küləksiz

və təmiz

tək, tənha qalmışdı Bakı

küləklə xəyanət etmişdi Bakıya

Bakını tərk edən quşlar..

ən çox sevilən mənəm yəqin
və günəşdə ən çox isinən
evin qarşısında oturduqda saatlarca
sən də yadıma düşürdun hərdən
şəhərdə addımları sayanda
sən keçdin qarşımdan bir anda
sən heç görmədin məni
mən gördüm səni xəbərsiz səndən
ən mürəkkəb cümlələrin ən sadə sözü kimi
dodaqlarında rəqs edirəm
və sevirəm qəbilələri
səni də tərk edirəm
sındırdığım oyuncaqlar şahid oldu nifrətimə
dəfn edirəm sənin sarı əlbisəni
qorxudan ağladığın filmlərə
dünən baxdım, gülümsədim
açdım pəncərini qışqırdım var gücümlə
fikirləşdim gedim
sonra dedim qalım
xoşbəxtiyəm mən bu günün ən xoşbəxti
fəxr edirəm itirdiklərimlə
və səni sevirəm…

::: son ümidlər :::

fikirləşdim ki bir az günah qazanmalıyam
səni görmək üçün, sənə qovuşmaq üçün
daha çox yalan danışmalıyam bəlkə də
səninlə gülmək üçün cəhənnəmin ocağında
hər tərəf bağlı mənə, tək sən idin yaxın, isti
gecələr ulduzsuz, aysız qarşılayıram səhəri
düzdü
yenə də səhv məndə ola bilər səni itirdiyim üçün
düzdü
səni buraxmamalı idim, peşmanam
səni qapıdan ötürdüyüm üçün
bitirdiyim üçün sevgimizi, hər kəs qaçdı məndən
yalan, bu da yalan, sevindi hər kəs
uçdu məndən qəlbimə qonan ağ kəpənəklər
onlar sənə gəldi, mən özümə gəldim

tut əllərimi, xilas edək dunyanı ikimiz
sən sevgi tanrısı ol, mən ədalət tanrısı..

::: alınmadı bizimkisi :::

Günəşdə üşüdü bizim sevgimiz
Dağlardan çırpıldı yerə, dağıldı
Sevgidə gətirmədi heç bəxtimiz
Sanki yaşadıqlarımız nağıldı.

Yağışlar altında “su oldum” demə
Sən dənizdin, doğma idin yağışla
Sus danışma, mənə “yoruldum” demə
Son sözün oldu “əlvida”, “bağışla”.

Dinmədim mən də, baxmadım heç sənə
Addımların iti, yolun sonsuzluq
Adın yalan, xəyanət etdin mənə
Peşən oğru, sevgin isə oğurluq…

qulağ asın getsin :)

::: sev bizi, Tanrı! :::

sev bizi, ağlatma Tanrı
duy bizi, unutma Tanrı
sev, qoxla, həyat ver, günəş ver
gəldiyin yerə qayıtma Tanrı
müharibələrdə gizlət
silahları, kin, nifrəti
hər yeri et azad Tanrı
Tanrı həyat, həyat Tanrı?
sənin kimin-kimsən yoxmu? sən də ağlayırsanmı heç?
kədər bilirsənmi nədir?
dadmısanmı heç ölümü?
söylə kimlər qəlbindədir?

mən bilirəm, yad deyil sənə xəyanət
insanlar daddırdı sənə bu duyğunu
ağladınmı sən də o an?
söylə, kiminlə yaşamısan məhəbbət?
gizli-gizli görüşmüsən söylə kimlə?
şeir yazmısanmı söylə
cümlələrin sözsüz qalıbmıdır söylə?!
sən də susma
danış mənlə

üşümüsənmi sən qarlı gecələrdə
Tanrı, yalnız qalmısanmı küçələrdə?
ayaqyalın gəzmisənmi şəhəri sən,
xəstəxanada gözünü açmısanmı səhəri sən?
“imdad, kömək” deyə bağırdınmı Tanrı?
deyəsən suallar çox oldu bu dəfə
sən heç imtahanda olmamısan Tanrı

məni sev, bizi sev, insanları sev
sev!
sev!
sev ey Tanrı!

ilk mən getmək istədim,
xəyalların dalınca,
ki sən getdin birinci, mən də sənin arxanca,
yoxa çıxdın bir anlıq dalğalarda, günəşdə,
axtarırdım səni əlimə düşən yağışda,
məni bağışda,
tapa bilmədim səni nə qədər axtardımsa,
sən gəldin xəyalıma, əlin, mavi əlbisə,

ilk mən getmək istədim buralardan qaçaraq,
sən kəsdin qabağımı,
yanımdaca ağladın,
şamlar söndü, dalğalar gözdən itdi səssizcə,
yalnız, tənha indicə,
ilk mən getmək istədim,

əritdim qürurumu, qatdım sənin içkinə,
son kəs ağladıq ikimiz birlikdə,
ayrılıq çətin deyildir, çətin sənin gülüşündür,
ağlayırdın sən çox asan gözlərimdə, əllərimdə,
ilk mən getmək istədim,
lakin dayandım,
“xanımlar öndən” dedim, keçdin məndən qabağa,
ilk sən getdin sevgilim,
ikimizdən uzağa…

mən səni düşünərkən
əllərində başqa əl, gözlərində başqa göz
dodağında başqa iz
ürəyin başqa tərəfdə
mən səni düşünərkən
yarpaqlar düşdü budaqlardan
göyqurşağı rənglərindən azad oldu
çiçəklər də soldu
ləçəklər yetim qaldı

mən səni düşünərkən
yarım qalan şeiri tamamladım
sənsə məktub oxuduğunda
mən səssiz ağladım
hiss etdim

mən səni düşünərkən
yağış mənə gəldi
darıxdığını söylədi üzərimizə yağmaq üçün
kədərlə güldü
döndü getdi
mən də getdim

mən səni düşünərkən
dünyaya gəldim
və səni düşünərkən
öldüm..

Follow

Get every new post delivered to your Inbox.