Tag Archive: dunya


bu gün mənim Allah’ım ol, qorxum səndən
sevim səni, hər dəfə baş əyim sənə
hər yanımda görüm səni, doyum səndən
“cənnətinə göndər məni” deyim sənə
qoru məni insanlardan, yalanlardan
səni hiss edim ürəyimdə, hər axşam
dua edim sənə mənim olmağınçün
mənə göstər sənli olan uzun bir yol
bu gün mənim Allah’ım ol

sənə uçum, buludların arasından toxun mənə
gözlərində itir məni, bitir məni bu dünyadan
qoxun mənə hopsun, dünya
qoxuyla yox olsun daha
uzansın göydən mənə qol
bu gün mənim Allah’ım ol

yağış yağsın səndən mənə
qanad ver uçum səmaya, qonaq gəlim bu gün sənə
süz iki çay
şəkilləri hazırla birlikdə baxaq
səvab kimi günahım ol, sabah mənim sabahım ol
bu gün mənim Allah’ım ol..

::: son ümidlər :::

fikirləşdim ki bir az günah qazanmalıyam
səni görmək üçün, sənə qovuşmaq üçün
daha çox yalan danışmalıyam bəlkə də
səninlə gülmək üçün cəhənnəmin ocağında
hər tərəf bağlı mənə, tək sən idin yaxın, isti
gecələr ulduzsuz, aysız qarşılayıram səhəri
düzdü
yenə də səhv məndə ola bilər səni itirdiyim üçün
düzdü
səni buraxmamalı idim, peşmanam
səni qapıdan ötürdüyüm üçün
bitirdiyim üçün sevgimizi, hər kəs qaçdı məndən
yalan, bu da yalan, sevindi hər kəs
uçdu məndən qəlbimə qonan ağ kəpənəklər
onlar sənə gəldi, mən özümə gəldim

tut əllərimi, xilas edək dunyanı ikimiz
sən sevgi tanrısı ol, mən ədalət tanrısı..

::: sevirəm söylə.. :::

Halil Sezai’ynən başdamağ isdədim biraz fərqlilik kimi olsun

******************************************

Bəlkə qayıdaq biz ötən günlərə?
Sən mənə sevirəm söylə, mən sənə
Gedək bizsiz keçən, itən günlərə
Sən mənə sevirəm söylə, mən sənə.

Səninçün yazılır şeirlər, bəstə
Məndən səni sevən qəlbimi istə
Uzanaq bəmbəyaz buludlar üstə
Sən mənə sevirəm söylə, mən sənə.

Sənsizliklə çəkmişəm böyük sınaq
Səni gördüm, sevindim ağlayaraq
Gözlərimə baxıb qucaqlayaraq
Sən mənə sevirəm söylə, mən sənə.

Mələklərin göz yaşları qurudu
Tanrı bizim sevgimizi qorudu
Çiçəklər birlikdə nəğmə oxudu
“Sən mənə sevirəm söylə, mən sənə”.

Zaman bizə öz oynunu oynadı
Sevgi ucsuz-bucaqsız bir dəryadı
Dünya seviləsi gözəl dünyadı
Sən mənə sevirəm söylə, mən sənə.

Sənsiz keçirmişəm mən bir neçə il
Neçə isti, neçə şaxtalı fəsil
Sən bir səhər məzarımın üstə gəl
Sən mənə sevirəm söylə, mən sənə…

P.S: yayda yazdığım bir şeir.. və sonda da Halil Sezai oxusun istədim.

::: baxma! :::

Ürəyinin səsini sən dinləmə,

İstəmirəm mənə heç nə eyləmə,

Mənə bir daha “sevirəm”  söyləmə,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Sevdiyini sanmışam, aldanmışam,

Yaşadığım günlərçün utanmışam,

Sevgi ünvanında tək dayanmışam,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Ürəyim sənin qəlbində yaşadı,

Deyirdilər ürəyiniz qoşadı,

Bax ürəyin ürəyimi boşadı,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Etdiklərin qəbahətdi deyirəm,

Daha bəsdi, kifayətdi deyirəm,

Xəyanətdi, xəyanətdi deyirəm,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Qəlbim alovlanıb yanır, alışır,

Göz yaşlarım al qanlara qarışır,

Ürək səni unutmağa çalışır,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Məni sən sevmişdin təkcə, dünya yox,

Dərdliyəm dərdimə şəfa-dəva yox,

Bircə kərə sevirəm, bir daha yox,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Kədər ürəyimi ovcuna aldı,

Yaşadığım sanki dərin xəyaldı,

İşıqlı günlərım birdən qaraldı,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Göy üzü qara buluda büründü,

Qəlbim sənin arxanca hey süründü,

Mənə də ayrılıq yolu göründü,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

P.S: Bu şeiri 2010-cu ilin əvvəllərində yazmışam.

qulaq asmanız məsləhətdi…

Follow

Get every new post delivered to your Inbox.