sev bizi, ağlatma Tanrı
duy bizi, unutma Tanrı
sev, qoxla, həyat ver, günəş ver
gəldiyin yerə qayıtma Tanrı
müharibələrdə gizlət
silahları, kin, nifrəti
hər yeri et azad Tanrı
Tanrı həyat, həyat Tanrı?
sənin kimin-kimsən yoxmu? sən də ağlayırsanmı heç?
kədər bilirsənmi nədir?
dadmısanmı heç ölümü?
söylə kimlər qəlbindədir?

mən bilirəm, yad deyil sənə xəyanət
insanlar daddırdı sənə bu duyğunu
ağladınmı sən də o an?
söylə, kiminlə yaşamısan məhəbbət?
gizli-gizli görüşmüsən söylə kimlə?
şeir yazmısanmı söylə
cümlələrin sözsüz qalıbmıdır söylə?!
sən də susma
danış mənlə

üşümüsənmi sən qarlı gecələrdə
Tanrı, yalnız qalmısanmı küçələrdə?
ayaqyalın gəzmisənmi şəhəri sən,
xəstəxanada gözünü açmısanmı səhəri sən?
“imdad, kömək” deyə bağırdınmı Tanrı?
deyəsən suallar çox oldu bu dəfə
sən heç imtahanda olmamısan Tanrı

məni sev, bizi sev, insanları sev
sev!
sev!
sev ey Tanrı!

Advertisements