Bu gün Tanrı’nı gördüm dilənçi libasında

Mənə tərəf addım atdı, ovcuna qəpik qoydum

Bu gün günəş çıxacaq Tanrı’nın röyasında

Dua etdi mənimçün, əl açdı Tanrı’sına

Dedi bütün dualar əlacdı Tanrı’sına

İzlədim dilənçini girdi kiçik daxmaya

Həyətində ağac yox, vardı zibil qutusu

Deyirdi ət görmürəm, görürəm aydan-aya

Bir də stolun üstə bir az çörək qurusu

 

Bu gün Tanrı’nı gördüm kimsəsiz uşaq kimi

Ağlayırdı çarəsiz

Üzü qaralmış idi günəş şüalarından

Paltarı cırıq-cırıq, arzuları qırışmış

Uşaq qorxularıyla, həyatıyla barışmış

Çəkilmişdi bir küncə çarə axtarar kimi

Baxırdı ətrafına

Əli ilə arada silirdi gözlərini

Ayaqyalın gəzirdi küçənin ortasında

Gülməmişdi bəlkə də heç zaman dünyasında

 

Bu gün Tanrı’nı gördüm o məni heç görmədi

Yoluna davam etdi mənə salam vermədi

Deyə bilmədim ona dua və arzuları

Gözdən itdi bir anlıq insanlara qarışdı

Gözüm mənim Tanrı’nı axtarmağa çalışdı

Arxasına baxmadı, bəlkə də tanımadı

Görəsən bəs nə idi, nəydi Tanrı’nın adı?

 

Bu gün görmədim Tanrı’nı

Çünki…..