Latest Entries »


Bu gün Tanrı’nı gördüm dilənçi libasında

Mənə tərəf addım atdı, ovcuna qəpik qoydum

Bu gün günəş çıxacaq Tanrı’nın röyasında

Dua etdi mənimçün, əl açdı Tanrı’sına

Dedi bütün dualar əlacdı Tanrı’sına

İzlədim dilənçini girdi kiçik daxmaya

Həyətində ağac yox, vardı zibil qutusu

Deyirdi ət görmürəm, görürəm aydan-aya

Bir də stolun üstə bir az çörək qurusu

 

Bu gün Tanrı’nı gördüm kimsəsiz uşaq kimi

Ağlayırdı çarəsiz

Üzü qaralmış idi günəş şüalarından

Paltarı cırıq-cırıq, arzuları qırışmış

Uşaq qorxularıyla, həyatıyla barışmış

Çəkilmişdi bir küncə çarə axtarar kimi

Baxırdı ətrafına

Əli ilə arada silirdi gözlərini

Ayaqyalın gəzirdi küçənin ortasında

Gülməmişdi bəlkə də heç zaman dünyasında

 

Bu gün Tanrı’nı gördüm o məni heç görmədi

Yoluna davam etdi mənə salam vermədi

Deyə bilmədim ona dua və arzuları

Gözdən itdi bir anlıq insanlara qarışdı

Gözüm mənim Tanrı’nı axtarmağa çalışdı

Arxasına baxmadı, bəlkə də tanımadı

Görəsən bəs nə idi, nəydi Tanrı’nın adı?

 

Bu gün görmədim Tanrı’nı

Çünki…..


Image

 

sən mənim nağılımda şəhzadə

mən sənin nağılında bir dilənçi

sən məndən uzaqlarda, mən sənə özündən yaxın

dalğalanır gözlərinin içi

səni də dilənçi etdi yuxun

sən mənim gözlərimdə damcı

mən sənin dilində acı sözlər

yalançı, gizlədirsən hər kəsdən sirrini

qorxursan insanlardan, dünyadan

 

 

sən mənim dənizimdə ən böyük dalğa

mən sənin dəryanda ən aciz balıq

sən mənim sevdiyim musiqilər

mən sənin uşaqlıq oyuncağın, hər tərəfi qırıq-qırıq

qurtulmuş əsir kimi qaçdın yanımdan

mən səni ən çox sevən düşmənin

 

 

sən mənim ölkəmdə ən uzun küçə

mən sənin qəlbində sıxıldım küncə

sakit və səssizcə

çıxdın getdin..


yuyun mənim meyidimi, soyuq qırmızı şərabla

kəfənim dəridən olsun, rəngi mavi, bir az yaşıl

basdırın məni əzabla

istəmirəm dua falan, qoşun həzin bir musiqi

torpaq tökməyin üstümə, tökün çiçək ləçəkləri

baş daşım olsun aynadan, gələn görsün öz üzünü

mənimçün də bu cür oldu, apardı 4 səhv düzümü

dözümü yox insanların, torpaq altda olan mənəm

ağlayan, qışqıran onlar

qaranlıqda qalan mənəm

aydınlıqda bir gün yenə, gələcək onlarçün sonlar

bu gün bir az soyuq oldu, üşüdüm bərk-bərk büründüm

bədənimə, öz ruhuma

sənlə içmək istər şərab, bir badə də süz ruhuma

*

gecə oldu, hər kəs getdi, ağaclar da susdu artıq

ruhum bu gün qusdu artıq

səhvlərimi və keçmişi…


bu gün mənim Allah’ım ol, qorxum səndən
sevim səni, hər dəfə baş əyim sənə
hər yanımda görüm səni, doyum səndən
“cənnətinə göndər məni” deyim sənə
qoru məni insanlardan, yalanlardan
səni hiss edim ürəyimdə, hər axşam
dua edim sənə mənim olmağınçün
mənə göstər sənli olan uzun bir yol
bu gün mənim Allah’ım ol

sənə uçum, buludların arasından toxun mənə
gözlərində itir məni, bitir məni bu dünyadan
qoxun mənə hopsun, dünya
qoxuyla yox olsun daha
uzansın göydən mənə qol
bu gün mənim Allah’ım ol

yağış yağsın səndən mənə
qanad ver uçum səmaya, qonaq gəlim bu gün sənə
süz iki çay
şəkilləri hazırla birlikdə baxaq
səvab kimi günahım ol, sabah mənim sabahım ol
bu gün mənim Allah’ım ol..

::: Sən – Siz :::


səs, sakit səs, yavaşca tənha ürəyin döyüntüsü
qovulmuş sevgi sığınmış bir avuca
səni xatırladan nəfəs
görüntüsü aldadan bir rəsm kimi
gözləri yandıran anda
səsim kimi titrəyən əllərim səni
buraxmaq istəmirdi başqa birinə
mən səni düşündüyümdə
sənin düşündüyün başqa
mən qucaqlayıram sənli rəsmləri
sənsə qucaqlayırsan bir başqa bədən
mən xatırlayıram səni və keçmişi
sənsə cızırsan özünə bir gələcək mən bilmədən
mən gəzirəm tənha yalnız
sən gəzirsən bir yanında yoldaşın və sevimli qız

qucaq açıb kədərlərə və şəraba əsəbləşib
ayırdım şərabı öz şüşəsi ilə
fikirləşib, ağladım sənsikliklərə
günəşi qoymadım saçsın, bu gün yalnız gecə olsun
gecələr ağlamaq daha asan olur, fikirləşdim necə olsun?
mənim sənsiz keçirtdiyim dəqiqələr
mən də tərk etmək istədim sənsizliyi
yeni sevgi romanı yaz, boş qalmasın səhifələr

daha razılaşdım sənsiz yaşamağa
özüm, günəş, şərab və mənim ……..
nöqtələr də mane olur
cümlələri uzatmağa …


səndən xəbər gətirdilər

bir də tənha bir insandan

ağlamısan söylədilər, dedim yalan

inanmadım, boz küçələr addımlarsızmı qalıbdır?

dözməmişdi onlar belə bu gecəyə

Bakını tərk edən quşlar

*

qanadı qırıq, baxışı qartal baxışından iti

sanki görmək istəyirdi təbiəti

sanki bezmişdi damlardan, heykəllərdən

zibil dolu sahillərdən

Bakını tərk edən quşlar

*

dönmək belə istəmirdi

nə keçmişə, nə insana

görmək istəmirdi heç bir insan üzü

təkcə xatırladı bizi

qanad çaldı, mavi səmayla qovuşdu

Bakını tərk edən quşlar

*

bu gün fərqli bir gün idi

Bakı küləksiz

və təmiz

tək, tənha qalmışdı Bakı

küləklə xəyanət etmişdi Bakıya

Bakını tərk edən quşlar..


ən çox sevilən mənəm yəqin
və günəşdə ən çox isinən
evin qarşısında oturduqda saatlarca
sən də yadıma düşürdun hərdən
şəhərdə addımları sayanda
sən keçdin qarşımdan bir anda
sən heç görmədin məni
mən gördüm səni xəbərsiz səndən
ən mürəkkəb cümlələrin ən sadə sözü kimi
dodaqlarında rəqs edirəm
və sevirəm qəbilələri
səni də tərk edirəm
sındırdığım oyuncaqlar şahid oldu nifrətimə
dəfn edirəm sənin sarı əlbisəni
qorxudan ağladığın filmlərə
dünən baxdım, gülümsədim
açdım pəncərini qışqırdım var gücümlə
fikirləşdim gedim
sonra dedim qalım
xoşbəxtiyəm mən bu günün ən xoşbəxti
fəxr edirəm itirdiklərimlə
və səni sevirəm…


fikirləşdim ki bir az günah qazanmalıyam
səni görmək üçün, sənə qovuşmaq üçün
daha çox yalan danışmalıyam bəlkə də
səninlə gülmək üçün cəhənnəmin ocağında
hər tərəf bağlı mənə, tək sən idin yaxın, isti
gecələr ulduzsuz, aysız qarşılayıram səhəri
düzdü
yenə də səhv məndə ola bilər səni itirdiyim üçün
düzdü
səni buraxmamalı idim, peşmanam
səni qapıdan ötürdüyüm üçün
bitirdiyim üçün sevgimizi, hər kəs qaçdı məndən
yalan, bu da yalan, sevindi hər kəs
uçdu məndən qəlbimə qonan ağ kəpənəklər
onlar sənə gəldi, mən özümə gəldim

tut əllərimi, xilas edək dunyanı ikimiz
sən sevgi tanrısı ol, mən ədalət tanrısı..


Günəşdə üşüdü bizim sevgimiz
Dağlardan çırpıldı yerə, dağıldı
Sevgidə gətirmədi heç bəxtimiz
Sanki yaşadıqlarımız nağıldı.

Yağışlar altında “su oldum” demə
Sən dənizdin, doğma idin yağışla
Sus danışma, mənə “yoruldum” demə
Son sözün oldu “əlvida”, “bağışla”.

Dinmədim mən də, baxmadım heç sənə
Addımların iti, yolun sonsuzluq
Adın yalan, xəyanət etdin mənə
Peşən oğru, sevgin isə oğurluq…

qulağ asın getsin🙂


sev bizi, ağlatma Tanrı
duy bizi, unutma Tanrı
sev, qoxla, həyat ver, günəş ver
gəldiyin yerə qayıtma Tanrı
müharibələrdə gizlət
silahları, kin, nifrəti
hər yeri et azad Tanrı
Tanrı həyat, həyat Tanrı?
sənin kimin-kimsən yoxmu? sən də ağlayırsanmı heç?
kədər bilirsənmi nədir?
dadmısanmı heç ölümü?
söylə kimlər qəlbindədir?

mən bilirəm, yad deyil sənə xəyanət
insanlar daddırdı sənə bu duyğunu
ağladınmı sən də o an?
söylə, kiminlə yaşamısan məhəbbət?
gizli-gizli görüşmüsən söylə kimlə?
şeir yazmısanmı söylə
cümlələrin sözsüz qalıbmıdır söylə?!
sən də susma
danış mənlə

üşümüsənmi sən qarlı gecələrdə
Tanrı, yalnız qalmısanmı küçələrdə?
ayaqyalın gəzmisənmi şəhəri sən,
xəstəxanada gözünü açmısanmı səhəri sən?
“imdad, kömək” deyə bağırdınmı Tanrı?
deyəsən suallar çox oldu bu dəfə
sən heç imtahanda olmamısan Tanrı

məni sev, bizi sev, insanları sev
sev!
sev!
sev ey Tanrı!